Ləzgilər – Azərbaycanın Qafqaz dilli etnosları arasında mühüm yer tutur. Bu etnos Azərbaycanın müasir inzibati-ərazi bölgüsünə görə, başlıca olaraq, Qusar, Xaçmaz, Göyçay, Qəbələ, Oğuz, İsmayıllı rayonları ərazilərində yaşayırlar. Etnos özünü «lezgiyar» adlandırır. Tarixi mənbələrə görə, ləzgilərin əcdadları leq adlı qədim alban tayfaları olmuş, onlar Qudyal və Samur çayları hövzələrində məskunlaşmışlar (müasir Dağıstanın ərazisində).

Təsadüfi deyil ki, orta əsrlərdə «Leqi» etnonimi altında Dağıstandakı bütün ləzgi dilli tayfalar başa düşülürdü. Bu tayfalardan bizi lakz olmuşdur, onlar Azərbaycanın tarixi vilayəti olan Maskutdan qərbdə, Samur çayının yuxarı axarında yerləşən Lakz adlı ərazidə məskunlaşmışlar. Yerli əhali arasında «lakz» etnonimi Cənubi Dağıstanın bir tayfası kimi başa düşülürdü və ləzgiləri bildirən bir istilah idi. XIX-XX əsrlərdə isə Dağıstanın bütün əhalisi rus dilində «lezgin» və ya «lezginı» kimi adlandırılırdı. Ləzgi dili Küre, Axtı və Quba olmaqla üç dialektə malikdir.

Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və müasirlik). Bakı "Elm" nəşriyyatı - 2000, s.246-285.

С.И.Брук. Население мира. Этнодемографический справочник. Москва. "Наука", 1986, с. 167.

 
           
        © Musigi Dunyasi