Tatlar – Azərbaycanda yaşayan İran
dilli etnoslardan biri olub, əsasən Abşeron yarımadasında,
Bakı şəhərində, Quba, Göyçay
və Şamaxı rayonlarında məskunlaşmışlar.
Yayılma ərazilərinə, etnik əlamətlərinə,
dialekt xüsusiyyətlərinə görə
Azərbaycan tatları müəyyən fərqli
cəhətlərə malik olsalar da, əslində
onlar vahid bir azsaylı etnos sayılırlar. Azərbaycan
tatları arasında başlıca fərq onların
dillərində özünü göstərir.
Yəni Abşeron, Şamaxı tatları ilə
Quba, Xızı tatlarının dillərində
müəyyən dialekt və ləhcə fərqləri
var. Dilçilər ləhcə fərqlərinə
görə tat dilini üç qrupa bölürlər.
Birinci qrupa Quba, Dəvəçi, Qonaqkənd ərazisində
yaşayan tat əhalisi daxildir – tat dilinin şimal
ləhcəsi adlandırılır. İkinci qrup
– mərkəz ləhcəsi adlanır ki, bura Xızı
rayonu ərazisində yaşayan tatlar aid edilir.
Üçüncü qrup – cənub ləhcəsi
adlanır, buraya Abşeron, Lahıc və Şamaxının
tat əhalisi daxildir.
Azərbaycan tatlarının bir qolu da «dağ
yəhudiləridir» onlar özlərini «cuhud» (yəni
başqa dindən olanlar, «tat cuhudları») adlandıran
azsaylı etnosdur. Dinlərinə görə bu
etnos yəhudi sayılır. Dağ yəhudiləri
başlıca olaraq Quba rayonundakı Qırmızı
qəsəbədə və qismən də Oğuz
rayon mərkəzində yaşayırlar.
Qəmərşah Cavadov. Azərbaycanın
azsaylı xalqları və milli azlıqları
(Tarix və müasirlik). Bakı "Elm" nəşriyyatı
- 2000, s.67-106.
С.И.Брук. Население мира. Этнодемографический
справочник. Москва. "Наука", 1986, с. 152-170.