|
Çoğur
M.
Kərimovun işi. Bakı. 1996.
|
Tarixi
qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə,
qopuzun sazla əvəzlənməsi arasındakı
dövrdə, Qafqaz, İran və Anadoludakı
sufi mərasimlərində, dərviş
aşıq məclislərində "çağır",
"çaqur", "çuqur", "çoğur" adlı
musiqi alətindən istifadə edilmişdir.
Ehtimal
ki, çoğur "haqqı, allahı çağırmaq
üçün istifadə edilən musiqi
aləti" mənasını verir. Bu sözün
dilimizdə işlənən "çalçağır"
ifadəsindən törənməsini və
sonralar "çoğur" kimi formalaşmasını
da güman etmək olar. Müxtəlif
tarixi mənbələrdən məlumdur
ki, Orta əsrlərdə Səfəvi
dövlətinin ordusunda yüksək döyüş
əhval-ruhiyyəsi yaratmaq üçün
çoğur musiqi alətindən istifadə
etmişlər. XVI yüzilliyin əvvəllərindən
bəhs edən "Cahanarayi Şah İsmayıl
Səfəvi" salnaməsində bu barədə
deyilir. "..
.Qalib
yürüşlü ordunun qarşısında
çukurlar çalmaq, türküvarsağılar
oxumaqla döyüşçülərin
vuruş ruhunu qaldırırdılar". Əli
Rza Yalçının "Cənubda türkmən
çağları" əsərində çoğurun
9 teli, 15 pərdəsi və gözəl
səs tembri olmasından söz açılır.
Tarixi faktlardan belə qənaətə
gəlmək olar ki, XII-XIII yüzilliklərdə
ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə
isə çoğurun sazla əvəzlənməsi
mərhələləri olmuşdur. Ancaq
çoğurun başqa növləri Qafqazda,
eləcə də İraq türkmanları
arasında dövrümüzə qədər
gəlib çatmışdır. Azərbaycan
Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə
aid çoğur musiqi aləti üç
qoşa simdən və 22 pərdədən
ibarətdir. Alətin çanağı
tut ağacından yığma üsulu
ilə hazırlanır.
Çanağın
üst hissəsi 4 mm qalınlığında
ağac üzlüklə örtülür.
Qol və kəllə hissəsi qoz, aşıqları
isə armud ağacından hazırlanır.
Ümumi uzunluğu 880 mm, çanağının
uzunluğu 400 mm, eni 225 mm, hündürlüyü
140 mm-dir. Qoluna 22 pərdə bağlanır.
Çanağın yan tərəflərində
2, üst hissəsində isə səs
rezonansı üçün bir neçə
oyuq açılır.
Səs
düzümü kiçik oktavanın "do"
səsindən ikinci oktavanın "sol" səsinə
kimidir.
|