Zaqafqaziyada,
Xəzər dənizindən qərbdə
yerləşən Azərbaycan Respublikası
çoxmillətli bir dövlətdir. Burada
əhalinin 90%-dən çoxunu təşkil
edən azərbaycanlılarla yanaşı
ruslar, talışlar, ləzgilər,
gürcülər, avarlar, saxurlar, yəhudilər,
tatarlar və digər milli və etnik
azlıqlar yaşayırlar. Onlar tarixən
uzunmüddətli birgə yaşayış
şəraitində özlərinə
məxsus mədəni və folklor ənənələrini
uğurla qoruyub saxlamışdırlar.
Azsaylı xalqların əlvan musiqi folkloru
Azərbaycanın mənəvi mədəniyyətinin
ayrılmaz tərkib hissəsini təşkil
edir.
Etnomusiqişünaslıqda bu mürəkkəb
və indiyə qədər öyrənilməmiş
bir sahə, «Musiqi dünyası» adlı
beynəlxalq elmi-publisistik jurnalın yaradıcılıq
mərkəzi tərəfindən sənətşünaslıq
doktoru, professor Tariyel Məmmədovun
elmi rəhbərliyi altında həyata
keçirilən «Azərbaycanın ənənəvi
musiqisi Atlası» layihəsinin mühüm
hissəsini təşkil edir. Həmin
nəhəng layihə, həmçinin,
Azərbaycan musiqi folklorunun rəngarəng
dialektlərini də ehtiva edir.
Elmi Tədqiqat Musiqi Kabineti (1930-cu illər),
Bakı Musiqi Akademiyası və Azərbaycan
Milli Elmlər Akademiyasının «Memarlıq
və İncəsənət İnstitutunun»
zəngin tarixi tərcübəsinə
(1960 – 1990-cı illər) əsaslanaraq
yeni layihənin müəllifləri respublikanın
folklor musiqisini bütün etnik rəngarəngliyi
və tarixi qatları (arxaik, ənənəvi
və müasir) ilə birlikdə toplanılması
və öyrənilməsi məsələsini
irəli sürmüşdür.
Azərbaycanın musiqi folklorunun ümumi
icmalına ayrı-ayrı xalqların
və etnik qrupların coğrafi yerləşməsindən
başlayaq. Qədim Odlar yurdunda İslam,
xristianlıq və iudaizm dinlərinə
sitayiş edən 30-dan çox xalq və
etnos yaşamaqdadır. Türkdilli xalqların
oğuz qrupuna azərbaycanlılarla yanaşı,
Axısqa türkləri və Krım
tatarları da daxildirsə, Kazan tatarları
eyni dil qrupunun qıpçaq qolunu təşkil
edirlər.
Onların ölkəmizə gəlişi
XX əsrin ilk yarısında baş vermişdir.
Tatarlar əsasən Bakı və Abşeron
yarımadasında məskunlaşmışlarsa,
türklər həmçinin bir sıra
kəndlərdə də yaşayırlar.
Qafqazdilli xalqlara mənsub olan ləzgilər,
avarlar, saxurlar, rutullular Dağıstan
Muxtar Respublikası ilə yanaşı,
Azərbaycanın bir sıra şimal
və şimal-qərb rayonlarında məskunlaşmışlar.
Eyni ərazinin Qəbələ və
Oğuz rayonlarında tarixi Qafqaz Albaniyasının
xalqlarından olan «udi» icmalarına rast
gəlirik. Gürcüstanla həmsərhəd
olan Qax və Balakən rayonlarında
isə xaçpərəst gürcülərin
və yengiloyların (gürcüdilli
müsəlmanlar) kəndləri də
vardır.
İrandilli xalqlardan tatlar, talışlar,
müsəlman kürdlər, iudaizmə
sitayiş edən dağ yəhudləri
əsrlərdən bəri Azərbaycanda
məskunlaşmışlar. Müxtəlif
mənşəli xristian xalqları (ruslar,
ermənilər, assiriyalılar), eləcə
də, yəhudilər (aşkenazi) müxtəlif
dil qruplarına mənsubdurlar. Ruslar və
yəhudilər Azərbaycanın etnik
xaritəsinə XIX əsrin əvvələrindən
daxil olmuşlarsa, assiriyalılar yurdumuza
bir əsr sonra gəldilər.
İndi də Azərbaycanda yaşayan
xalqların musiqi folklorunda janr tipologiyası
məsələsinə keçək.
Qeyd etmək lazımdır ki, əmək,
mərasim və mövsüm nəğmələri,
layla və ağılar, lirik mahnılar
və instrumental rəqs havaları hər
bir mədəniyyət daxilində xüsusi
təzahür formalarına malikdir. Müxtəlif
xalqların folklorunda eyni janrların yeri
və əhəmiyyəti də müxtəlifdir.
Məsələn, ləzgilər, avarlar,
saxurlar, rutullular arasında nağara-zurna
dəstəsi tərəfindən icra
olunan instrumental rəqs havaları aparıcı
yer tutsa da, bu folklor mədəniyyətlərində
mahnı janrının müxtəlif
növ və şəkillərinə
də rast gəlirik (laylay, ağı,
mərasim nəğmələri, lirik
mahnılar). Bu xalqları ümumi musiqi
üslubu və çalğı alətləri
(nağara, zurna, balaban, tütək, sipsi,
tənbur) və eləcə də, tipik
melodiya formulları birləşdirir.
Eyni zamanda, bəzən onlardan hər
birinə məxsus fərqli çalarlar
da sezilir və xüsusi tədqiqatlara
mövzu ola bilər.
Ruslarla Volqa tatarları dil və din e‘tibarı
ilə bir-birindən seçilsələr
də, onların tarixən sıx ictimai-mədəni
münasibətləri nəticəsində
solo və ya xor oxumaları, uzun nəfəsli
həzin mahnılar kimi ümumi cəhətlər
meydana gəlmişdir. Fərqli cəhətlərə
gəldikdə tatar xalq musiqisində pentatonikanın
daha böyük və hətta həlledici
rolu ilk növbədə qeyd olunmalıdır.
Ən qədim etnoslardan biri olan talışların
musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri
ilə seçilir. Qadınlar tərəfindən
ifa olunan nisbətən yaxşı qorunub
saxlanılmış əmək, toy,
mövsüm mərasim nəğmələri,
«halay» mahnı-rəqsləri məlumdur.
Bir çox mahnı nümunələri
həm talış, həm də Azərbaycan
dilində oxunur və bu mədəniyyətlərin
sıx qarşılıqlı əlaqələrini
əks etdirir.
Azərbaycanın müxtəlif xalqları
və etnik qrupları arasında mövcüd
olan folklor əlaqələri və qarşılıqlı
tə‘sirlər coğrafi və tarixi
amillərdən asılıdır. Respublikamızın
ərazisində uzun əsrlər boyu
yaşayan xalqların musiqi folkloru qarşılıqlı
bəhrələnməyə məruz
qalmış və ayrı-ayrı hallarda
şer və musiqi ünşürlərində
ikidillik hadisəsini meydana gətirmişdir.
Bu mənada talışların və
tatların, qismən də saxurların
və dağ yəhudilərinin folklor
mədəniyyətlərini qeyd etmək
olar. Əksinə, Azərbaycana son əsrlərdə
gəlmiş olan xalqlar – ruslar, tatarlar,
ukraynalılar və türklər öz
folklor ənənələrini daha saf
şəkildə qoruya bilmişdirlər.
Azərbaycanın bütün xalqlarının
zəngin musiqi irsi etnomusiqişunaslıq
fikrinin inkişafı və demokratik cəmiyyətimizin
həmrəyliyi üçün xüsusi
əhəmiyyətə malikdir.
Bütün bu deyilənlərin kontekstində
XX əsr Azərbaycan maarifi və ədəbiyyatının
görkəmli nümayəndəsi Abdulla
Şaiqin bir fikirinə diqqətinizi yönəltmək
istərdik : «Bir günəşin zərrəsiyik
biz».