The etchnic culture of Azerbaijan
Ethnic culture of AzerbaijanMail usMain page
 
 
 

 



AZƏRBAYCAN ETNİK MƏDƏNİYYƏTİ


Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuşdur. Lakin maddi və mənəvi dəlil kimi tarixi abidələrdə təcəssümünü tapmış bütün bu mədəni simbioz və rəngarəng ənənələrlə yanaşı, Azərbaycanın çiçəklənməsi fenomeni onun etnogenezi ilə, bədii yaradıcılığın ən müxtəlif sahələrində ecazkar incilər yaradan xalqla bağlıdır.

Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək, görərik ki, respublikamızın əhalisinin 90% -ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Onların arasında Altay ailəsinin türk qoluna məxsus (azərbaycanlılar, tatarlar, mesxeti türkləri), həmçinin, hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır.

XX əsrin sonunda keçmiş SSRİ respublikaları dövlət müstəqilliyinin bərpası yolunda tarixi imkan əldə etdilər. Keçmişə, milli şüurun təşəkkülünə və inkişafına, mədəni sərvətlərin yenidən dəyərləndirilməsinə, tarixi yaddaşın aktuallaşdırılmasına maraq artdı. Bununla yanaşı, müasir dünya birliyinin inkişafında «qloballaşma» aparıcı təmayülə çevrildi ki, bu da müxtəlif ölkə və xalqlar arasında sərhədlərin silinməsinə əsaslanır, insanları yaxınlaşdırır və vahid ümumbəşəri, planetar mədəniyyətin təşəkkülünə və inkişafına şərait yaradır. İdeoloji, siyasi və dil baxımından maneələrin silinməsi mədəniyyətlərdəki rəngarəngliyin itməsinə və yekrəngiliyinə gətirib çıxarır. Belə yekrənglik isə polimədəniyyətə malik cəmiyyət daxilində özünəməxsus etnik mədəniyyətlər üçün xüsusilə məhvedici ola bilər.

Sadalanan ictimai – tarixi hadisələr dalğasında respublika rəhbərliyinin balanslaşdırılmış siyasətinin əsas məsələlərindən biri dövlətin polietnik əhali kütləsinin qorunub saxlanılmasından ibarətdir. Bu da xalqın mədəni genofondunun determenantı kimi, etnik mədəniyyətin – dil, xalq incəsənəti, xalqın maddi mədəniyyəti, adət və ənənələri, etika, ənənəvi tərbiyə sistemi və s. bu kimi ünsürlərini özündə ehtiva edir.

Azərbaycanda özünəməxsus «etnik intibah» Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin «Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında» 1992-ci ildə verilmiş sərəncamı ilə başlanmışdır. Sərəncamın məzmununda etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları təsbit edilir.

Bu sərəncamın uğurla həyata keçirilməsi ona gətirib çıxarmışdır ki, yeni Azərbaycanın vətəndaşlarının bugünkü süurunda üç komponentin vəhdəti kök salmışdır: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), öz milli ənənələrinə və öz xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və milli mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir. Eyni zamanda, onların çoxmillətli Azərbaycan cəmiyyətinə və nəhayət, dünya birliyinə mənsubiyyət hüququnun təsdiqi, təkcə öz xalqının və çoxmillətli ölkəsinin taleyi üçün deyil, həmçinin, bütün dünyanın taleyi üçün məsuliyyət hissinin aşılanması bu qəbildəndir.

Şübhəsiz, elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişafı problemi ilə qarşılaşmasın. Məlumdur ki, ümumi amal insanları birləşdirir. Əsas məqsəd – millətin və onun mədəniyyətinin qorunması, yeni bilgilərlə zənginləşdirilməsi, həm əvvəlki, həm də indiki nəsillər tərəfindən toplanılan biliklərin gələcək nəsillər üçün qorunub saxlanılması ilə bağlıdır. Bu tezis «Azərbaycan musiqisi üçüncü minilliyə» - qlobal layihənin carçısı olan, Azərbaycanda ilk və yeganə beynəlxalq musiqi, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçilik «Musiqi Dünyası» jurnalının fəaliyyətinin əsasını təşkil edir. «Musiqi Dünyası» mədəniyyət və incəsənət, elm və təhsil, elektron və kompüter texnologiyaları sahəsində mütəxəssisləri öz ətrafında birləşdirərək, işini iki istiqamətdə aparır: bir tərəfdən, ənənəvi metodlardan («Musiqi Dünyası» jurnalının nəşri) istifadə edir; digər tərəfdən, Azərbaycan musiqi mədəniyyətinin virtuallaşdırılması ilə bağlı problemlərin həlli üçün informasiya texnologiyalarının müasir metodlarını tətbiq edir.

«Musiqi Dünyası»nın fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycanın ənənəvi musiqisinin müasir şəraitdə öyrənilməsindən ibarətdir.

Azərbaycan xalqı, yuxarıda qeyd edildiyi kimi, respublika cəmiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Sayının, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın barabər hüquqlu vətəndaşlarıdır və çoxsaylı azərbaycanlılarla bərabər bütün vətəndaşlıq hüquqlarına malikdirlər. Onların folklor ənənələri və bilikləri ümummədəni və elmi baxımdan dəyərlidir: çunki bunlar etnik təşəkkül və inkişaf tarixi, həyat tərzi, dünyagörüşü və dünyaduyumu haqqında zəngin məlumatları özündə cəmləşdirir. Onların hər biri unikal, özünəməxsus və təkrarolunmazdır.

Təəssüf ki, bu etnosların ənənəvi bilikləri, onların autentik folkloru janr zənginliyinə və mövzu rəngarəngliyinə baxmayaraq, intellektual mükliyyət kimi, bu günə qədər layiqincə qiymətləndirilməmiş, nə bizim ölkəmizdə, nə də xaricdə geniş işıqlandırılmamışdır. Bundan əlavə, bu xalq sərvəti son illərə kimi Azərbaycan tarixçilərinin, etnoqrafların, etnopsixoloqların, etnolinqvistlərin, etnomusiqişünasların tədqiqat obyektinə çevrilməmişdir. Hərçənd ki, bu məsələlər Azərbaycanın hüdudlarından kənarda nəşr olunan işlərdə daha ətraflı işıqlandırılsa da, heç də həmişə həqiqətə uyğun və obyektiv xarakter daşımırdı. Buna görə də bu problemin tədqiqi təkcə humanitar elmi araşdırmalar nöqteyi-nəzərindən deyil, həmçinin, siyasi, ictimai, tarixi rakursdan qloballaşma və ənənəvi biliklərin hüquqi qorunması dövründə aktuallıq kəsb edir.

2003-cü ildən başlayaraq, «Musiqi Dünyası»nın yaradıcı qrupu – sənətşünaslıq doktoru, professor T. Məmmədov, etnomusiqişünaslar, sənətşünaslıq namizədləri F. Xalıqzadə, C. Həsənova, T. Kərimova, H. Adıgözəlzadə, texnika elmləri namizədi Z. Quliyev, filoloq İ. İsayev, operator (foto-video çəkilişlər) X. Məmmədov – xalq musiqisinin toplanması, öyrənilməsi, yazılması, xəritələşdirilməsi, sistemləşdirilməsi, kataloqlaşdırılması üzrə məqsədyönlü iş aparır. Bu cür kompleks tədqiqat musiqi folklorunun mövcud real şəraitini müəyyən etmək üçün zəruri olub, müxtəlif millətlərin birliyini təmsil edən vahid xalqın ictimai həyatı, əmək fəaliyyəti və məişəti, coğrafiyası, etnoqrafiyası, mədəniyyəti ilə əlaqələrini üzə çıxarır. Bütün bunların nəticəsi olaraq, «Azərbaycanın ənənəvi musiqi Atlası» layihəsi meydana gəldi.

Layihənin məqsədi – multimedia məhsulu formasında (Web-sayt, DVD) Azərbaycanın ənənəvi musiqisinin sistemləşdirilmiş şəkildə məlumat bazasının yaradılmasından ibarətdir. Bu da respublikanın təbii-coğrafi və etnoqrafik zonalarını, onlar üçün səciyyəvi olan musiqi folklorunun forma və janrlarını, ifaçılıq mədəniyyətini, xalq musiqi alətlərini və sair bu kimi cəhətləri əhatə edir.

Layihə aktual mülki-hüqüqi, ekoloji-maarifləndirmə, ictimai-tədris, mədəni-tərbiyəvi, tarixi-etnoqrafik elmi problemlərin həllinə yönəldilmişdir. Bütün bu problemlər unikal nümunələrin – Azərbaycanın musiqi folklorunun artefaktlarının toplanması, qorunması və elektron multimedia rabitə vasitələrilə bəşəriyyətin gələcək nəsillərinə ötürülməsi ilə bağlıdır.

Təqdim olunan elektron nəşr:

- Azərbaycanın ənənəvi musiqi mədəniyyətinin infrastrukturu haqqında bilikləri genişləndirir;
- Dünyanın müxtəlif guşələrində yaşayan insanları Azərbaycanın etnik musiqi landşaftı ilə tanış edir;
- Ziyalıların və tələbə gənclərin humanitar tədrisinə və biliklərinin zənginləşdirilməsinə imkan yaradır;
- Azərbaycanın ənənəvi musiqisini sənədləşdirir;
- Həm yerli əhali, həm də turistlər tərəfindən təbii və mədəni sərvətlərin qorunması ilə bağlı qayğının yüksəlməsinə səbəb olur;
- Ənənəvi musiqi mədəniyyətini onların movcud olduğu zonalarda qoruyur;
- Ekoturizm sahəsində menecment, monitorinq texnikası və metodlarını inkişaf etdirir;
- Azərbaycan xalqının köklü ənənəvi musiqi mədəniyyəti üzərində müəlliflik hüququnu möhkəmləndirir.

Layihə insan haqlarına dair beynəlxalq – hüquqi aktlara və milli azlıqların qorunmasına dair çərçivə konvensiyasına əsaslanır; UNESCO-nun milli müxtəliflik haqqında ümumi deklarasiyasın
ın (2001), qeyri-maddi mədəni irsin qorunması haqqında beynəlxalq konvensiyasının (2003), mədəni özünü ifadə formalarının rəngarəngliyinin qorunması və artırılması haqqında konvensiyasının (2005) müddəalarında öz əksini tapmış qeyri – maddi mədəni irsin mədəniyyətin rəngarəngliyinin qaynaqları və sabit inkişafının təminatçısı kimi əhəmiyyətinə diqqət yetirir; Beynəlxalq intellektual mülkiyyət təşkilatının 1998-ci ildən başlayaraq, intellektual mülkiyyət sahəsində yeni istiqamətin – ənənəvi biliklərin qorunması probleminin irəli sürülməsində təşəbbüslərini nəzərə alır ; Azərbaycan Respublikasının Konstitusiyasını, «Müəllifik hüququ və əlaqəli hüquqlar haqqında» və «Folklor ifadəsinin hüquqi qorunmasına dair» Azərbaycan Respublikasının Qanunlarını qəbul edir.

Azərbaycanın etnomusiqi mədəniyyətinə həsr olunmuş elektron nəşrin tərtibində və çap olunmasında: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, UNESCO–nun Azərbaycan, Ermənistan, Belarus, Moldova Respublikası və Rusiya Federasiyası üzrə Moskva Bürosu, UNESCO-nun Milli Komissiyası, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, Bakı Musiqi Akademiyası, Azərbaycanın Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, respublikanın şəhər və rayon Mədəniyyət İdarələri, Azərbaycan ərazisində yaşayan azsaylı xalqların respublika cəmiyyətləri, «TUTU» Nəşriyyat Mərkəzi, «SHABRAN - D» MMC turizm firması, «Musiqi Dünyası» elektron nəşriyyatı iştirak etmişdir.

Biz layihənin bütün iştirakçılarına, o cümlədən, xalq musiqiçilərinə, etnik musiqi yaddaşının qoruyuçularına, Azərbaycanın ənənəvi folklorunun daşıyıcılarına, respublikanın regionlarının, şəhər və kəndlərinin əhalisinə səmimi minnətdarlığımızı və ehtiramımızı bildiririk.

Professor Tariyel Məmmədov.



 

 
           
   
© Musigi Dunyasi