|
Sədəflə
işlənmiş qarmon
V.
Qafarovun şəxsi kolleksiyası.
Şamaxı. 1988. |
Metal
dilçəkli, körüklü musiqi
alətidir. XIX əsrin sonlarından etibarən
Azərbaycan xalqının məişətinə
daxil olmuş və milli musiqi mədəniyyətinin
bir hissəsinə çevrilmişdir. Digər
xalq çalğı alətləri ilə
bir yerdə ansambllarda, o cümlədən
el şənliklərində milli rəqs
musiqisinin ifası zamanı geniş istifadə
edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş
müasir qarmon bir çox hallarda xalq musiqi
aləti kimi qarşılanır. Azərbaycanda
istifadə olunan xromatik növlü qarmonun
texniki ifa xüsusiyyətləri və
səs quruluşu rus qarmonlarından tamamilə
fərqlidir.
Qarmon
cazibədar səs tembrinə malikdir. Onun
yan tərəfləri taxtadan, orta hissəsi
dəri körüklü dördkünc
qutudan ibarətdir. Qarmonun hündürlüyü
360 mm, eni 268 mm, qalınlığı
195 mm-dir. Qutunun içərisində ağac
lövhələr üzərində xüsusi
qayda ilə düzülmüş nazik
metal dilçəklər (lövhələr)
yerləşdirilir. Alət sağ və
sol əlin köməyi ilə körüyü
açıb-bağlamaqla səsləndirilir.
Bu zaman sağ əlin şəhadət,
orta, adsız, çeçələ barmaqları
ilə melodiya, sol əlin barmaqları ilə
isə melodiyanın ahənginə uyğun
dəm (tonika) saxlanılır. Körük
açılıb-bağlandıqda barmaqların
təzyiqi ilə sıxılmış
hava dillərin açdığı boşluqdan
keçərək həmin metal lövhələri
ehtizaza gətirir. Bu zaman, vibrasiya olunmuş
lövhələrin ölçülərindən
asılı olaraq, müxtəlif səs
ucalıqları alınır. Diapazonu kiçik
oktavanın "do" səsindən ikinci oktavanın
"fa" səsinə qədərdir. Solo və
ansambl aləti kimi geniş istifadə edilir.
Azərbaycanda
bu alətin yığılması ilə
məşğul olan sənətkarlar onun
səs sistemini milli səs düzümünə
tam uyğunlaşdırdıqları üçün
alətin səs çalarlığı,
ifa texnikasının rahatlığı
xalq musiqisinin və muğamların ifasına
geniş imkan yaratmışdır. Çeşidinə
və geniş yayılma arealına görə
simli alətlərin Azərbaycan musiqi mədəniyyətində
müstəsna yeri vardır. Yazılı
mənbələrdə simli çalğı
alətlərinin yaranmasına dair bir çox
əfsanələr mövcuddur. Rəvayətə
görə, qartalın parçaladığı
bir heyvanın bağırsaqları ağacın
budaqlarına dolaşır. Sonradan quruyub
tarıma çəkilmiş bağırsaq
külək əsdikcə titrəyərək
müxtəlif musiqi səsləri verməyə
başlayır. Bu səsləri eşidən
qədim insanlar ilk simli çalğı
alətlərini icad edirlər. Bu əfsanədə
həqiqətə uyğun bir fakt vardır.
Doğrudan da, tarixən simli çalğı
alətlərinin gövdəsi, qolu və
kəlləsi müxtəlif ağac növlərindən,
simləri və qoluna bağlanmış
pərdələri isə müəyyən
üsullarla heyvan bağırsağından
hazırlanmışdır.
Azərbaycan
musiqi mədəniyyətinin inkişafında
əvəzsiz tarixi əhəmiyyəti
olmuş çoxsaylı simli musiqi alətləri
zaman-zaman formalaşaraq, müasir musiqi
alətlərinin yaranmasına öz təsirini
göstərmiş və bu günümüzə
gəlib çatmışdır.
Simli
musiqi alətləri ifa tərzinə görə
dörd qrupa bölünür:
1. Mizrabla çalınanlar: tar, saz, ud, qanun,
bərbət, rud, rübab, qopuz, çoğur.
2.
Kamanla çalınanlar kamança, çəqanə.
3.
Barmaqla çalınanlar (dartımlı)
çəng, Şirvan tənburu.
4. Zərblə çalınanlar səntur.
|