Musiqi
mədəniyyətimizin tarixindən
"Musiqi əxlaqi qanundur. O bütün dünyanı
ilhama gətirir, qəlbə qanad verir,
insanı xəyalən göylərə
ucaldır. Musiqi qayda-qanunun, nizamın əsasıdır.
O, dünyadakı bütün əbədi
ülvilik və gözəlliklərin
təcəssümüdür", Dahi Platonun
bu sözləri hər bir azərbaycanlı
üçün, istər filosof, istərsə
də sadə əkinçi olsun, doğma
və əzizdir. Əfsanəvi musiqi diyarı,
odlar yurdu Azərbaycanın təbiətində:
torpağında, ağacında, daşında
ahəngdar bir musiqi yaşayır. Azərbaycanın
böyük şairi Nizami Gəncəvi
bu fikri belə tərənnüm edir:
Müğənni, sazını ələ
alsana,
Xoş ahəng, nəğmədən
bizə çalsana.
Dar pərdə dinləmək istəmirik
biz.
Genişdir, yüksəkdir bizim nəğməmiz.
Azərbaycan
musiqisi tarixən qonşu xalqlar: gürcü,
erməni, ləzgi, türk, özbək
və türkmənlər tərəfindən
çalınıb-oxunmuş və zaman
keçdikcə həmin xalqların musiqi
yaddaşına həkk olunmuş, ümumi
sərvətinə çevrilmişdir. XIX
əsrə aid bir sıra yazılı
mənbələrdə Azərbaycan musiqisinin
Qafqazda, eləcə də Orta Asiya xalqları
arasında geniş yayıldığı
barədə məlumatlar verilmişdir.
Bu gün də onlarla Azərbaycan xalq mahnısı
və musiqi nümunəsi vardır ki,
həmin xalqlar tərəfindən ifa edilir.
Azərbaycan xalqının musiqiyə olan
məhəbbəti onun qeyri-adi musiqi istedadı
ilə sıx bağlıdır. XX əsrin
görkəmli siması, müsəlman
Şərqində, eləcə də Qafqazda
ilk operanın müəllifi, dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyov
1923-cü ildə yazırdı: "Qafqaz
millətləri içərisində musiqiyə
aid ən müstəid olanları Azərbaycan
türkləridir desək, zərrəcən
mübaliğə olmaz."
Qədim zamanlardan başlayaraq müxtəlif
dövrlərdə yaradılmış
zəngin musiqi irsi, sözsüz ki, Azərbaycan
xalqının hər bir nəslinə
xas olan genetik istedadın sübutudur.
Azərbaycan xalq musiqisinin emosional koloritinə,
ritminə, tempinə, bədiiliyinə
uyğunlaşmış milli musiqi alətlərimiz
uzun tarixi inkişaf yolu keçərək
ənənəvi musiqi ifaçılığının
və yaradıcılığının
bir çox cəhətlərini bu günümüzə
gətirib çatdırmışdır.
Onlar musiqi mədəniyyətimizin keçmişi
ilə gələcəyini əlaqələndirən
elementlərdəndir.
Bu
gün də səslənən ənənəvi
musiqi və musiqi alətləri Azərbaycan
milli musiqi təfəkkürünün,
bədii yaradıcılığının
əsas xüsusiyyətlərini əks
etdirir. Lakin təəssüflə demək
lazımdır ki, mədəni irsimizin
böyük bir hissəsi müxtəlif
səbəblərdən unudulmuş, dövrümüzə
gəlib çatmamışdır. Bu daha
çox müxtəlif dövrlərdə
istifadə edilmiş zəngin musiqi alətlərinə
aiddir.
Eramızdan çox-çox əvvəllərə
aid edilən zərb, nəfəs və
simli musiqi alətlərinin çoxsaylı
növləri tarix boyu inkişaf etmiş,
təkmilləşmiş və milli musiqi
xəzinəmizin əsasını təşkil
etmişdir. Bu xəzinənin inciləri
əsrlər boyu xalqımızın mədəni
inkişafına və yaradıcılıq
fəaliyyətinə xidmət etmiş,
onun məişətinə, adət-ənənəsinə
bəzək vermişdir.
Bu kitabda Azərbaycan musiqi mədəniyyətinə
aid olan 28 milli musiqi aləti öz əksini
tapmışdır. Bunlardan onu uzun illərin
tədqiqatı nəticəsində bərpa
edilərək yenidən musiqi mədəniyyətinə
qaytarılmış qədim musiqi alətləridir.
Bu alətlər Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində yaradılmış
Qədim Musiqi Alətləri Ansamblının
əsasını təşkil edir. Ansamblda
13 ifaçı vardır. Doqquz ifaçı
unudulmuş musiqi alətlərini ifa edir.
Qalan üç ifaçı qanun, zərb
və ney alətlərini ifa edir. Xanəndə
qaval və ya dəflə özünü
müşayiət edərək oxuyur. Bu
ansamblın Azərbaycandakı və onun
hüdudlarından kənardakı populyarlığı
mədəni irsimizə olan maraqdan xəbər
verir.
İfaçılıq sənəti
Azərbaycan
musiqi mədəniyyətinin maraqlı
sahələrindən biri də ifaçılıq
(sazəndəlik) sənətidir. Xalq musiqisinin
qədim və zəngin ən'ənələri
üzərində qurulmuş ifaçılıq
sənətinin tarixi əhəmiyyəti
çox böyükdür. Tarixi abidələr
üzərində həkk olunmuş rəsmlərdən,
miniatürlərdən və digər qədim
mənbələrdən aydın olur ki,
ifaçılıq sənəti bütün
dövrlərdə sevimli və sayğılı
sənət sahəsi olmuşdur.
Xalqımızın qədim mədəniyyət
abidəsi sayılan "Kitabi Dədə Qorqud"
dastanında qopuz ifaçılığı
müqəddəs və şərəfli
sənət nümunəsi kimi təqdim
edilir. Klassik şairlərimiz əsərlərində
məşhur ifaçılar barədə
məlumat verərək, onları böyük
məhəbbətlə təsvir etmişlər.
Dahi şair Nizami Gəncəvi "Xosrov və
Şirin" poemasında dövrünün
məşhur bəstəkarı, müğənnisi
və ifaçısı olmuş Nəkisa
və Barbədi belə təsvir etmişdir:
Bitdi Nəkisanın çənglə nəğməsi,
Barbədin setarı qaldırdı səsi.
Bir məst aşiq kimi saza vurdu əl,
Üşşaq pərdəsində oxudu
qəzəl.
Nəkisa çəng, Barbəd isə bərbət
musiqi alətlərinin məşhur ifaçıları
olmuşlar.
Tarixi məlumatlardan aydın olur ki, bir
çox görkəmli şəxsiyyətlər
həm də müxtəlif musiqi alətlərinin
mahir ifaçıları olmuşlar. Şərq
klassik musiqisinin tarixini və nəzəriyyəsini
tədqiq etmiş görkəmli alim Səfiəddin
Əbdül Mömin Urməvi ud musiqi alətinin
çox mahir ifaçısı olmuşdur.
İfaçılıq sənəti tarixən
inkişaf etmiş, texniki, bədii baxımdan
təkmilləşərək müasirləşmişdir.
XIX əsrin ikinci yarısından başlayaraq
Bakı, Şamaxı və Qarabağda
keçirilən musiqi məclisləri xanəndəliklə
yanaşı, sazəndəlik sənətini
də yeni inkişaf mərhələsinə
qaldırmış və bir çox məşhur
ifaçıların yetişməsinə
səbəb olmuşdur. Bunlardan XIX-XX əsrlərdə
fəaliyyət göstərmiş Mirzə
Sadıq Əsədoğlunu, Məşədi
Cəmil Əmirovu, Bəhram Mənsurovu,
Əhməd Bakıxanovu, Qurban Pirimovu,
Mənsur Mənsurovu və ifaçılıq
sənətinin parlaq nümayəndələri
olan bir çox başqa sənətkarları
nümunə göstərmək olar.
XX
əsrin ikinci yarısında xüsusilə
tar və kamança ifaçılığı
daha yüksək inkişaf mərhələsinə
qədəm qoymuş, Əhsən Dadaşov,
Baba Salahov, Hacı Məmmədov, Həbib
Bayramov, Ramiz Quliyev, Möhlət Müslümov,
Ağasəlim Abdullayev, Habil Əliyev,
Şəfiqə Eyvazova, Munis Şərifov,
Fəxrəddin Dadaşov və bir çox
peşəkar ifaçılar bu alətlərin
çalğı texnikasını, ifaçılıq
imkanlarını daha yüksək səviyyəyə
qaldırmışlar.
Qədim musiqi alətlərinin tədqiqi
və bərpası
Musiqi alətlərinin tədqiqinin səviyyəsi
Azərbaycanda musiqişünaslığın
müstəqil sahəsi olan alətşünaslığın
artıq təşəkkül tapdığını
və inkişaf etdiyini söyləməyə
əsas verir. Azərbaycanda alətşünaslıq
elminin yaranmasında və inkişafında
görkəmli alimlərdən Ü.Hacıbəyov,
Ə.Bədəlbəyli, T.Bünyadov,
M.Seyidov və S.Abdullayevanın böyük
rolu olmuşdur.
XX
əsr Azərbaycan milli musiqisinin tarixində
görkəmli yer tutan dahi bəstəkar,
publisist və ictimai xadim Üzeyir Hacıbəyovun
musiqi alətlərinin inkişafındakı
rolu misilsizdir. O, milli musiqi alətlərini
xarakterizə etmiş, onların təsnifatını,
səs sırasını verməklə
gələcək inkişaf perspektivlərini
müəyyənləşdirmişdir.
Musiqi alətlərinə dair yazılmış
elmi işlərdə onların quruluşu,
texniki və bədii imkanları, inkişaf
tarixi, adlarının etimologiyası, səs
sıraları təhlil edilmişdir.
Unudulmuş qədim musiqi alətləri
vaxtaşırı tədqiqatçıların
araşdırma obyektinə çevrilsə
də, onların bərpası və səsləndirilməsi
ayrıca elmi-tədqiqat sahəsi olmamışdır.
Ümumiyyətlə, qədim musiqi alətlərinin
yaranması, inkişaf yolu, adlarının
etimologiyası və milli musiqi irsində
yeri və rolu kimi məsələlər
hələ də tam araşdırılmamışdır.
Bu kitabda müasir musiqi alətləri ilə
yanaşı, orta əsrlərdə Azərbaycanda
geniş yayılmış, lakin sonralar
müxtəlif səbəblərdən
unudulmuş qədim musiqi alətləri
barədə tarixi məlumatlar və onların
bərpadan sonrakı fotoşəkilləri
verilmişdir.
Qədim
musiqi alətlərinin bərpası, ilk
növbədə, Orta əsr yazılı
mənbələrinin və miniatür
sənət əsərlərinin öyrənilməsi
ilə başlayır. Tədqiqatçıların,
musiqişünasların əsərlərinə,
klassik poeziya nümunələrinə,
şifahi xalq ədəbiyyatına, miniatür
sənətinə, səyyahların yol
qeydlərinə istinad edərək, bir
vaxtlar Azərbaycan ərazisində çoxsaylı
simli, nəfəs, zərb və özüsəslənən
musiqi alətlərinin yayıldığını
iddia etmək olar. Bu, sözsüz ki, Azərbaycan
xalqının tarixən zəngin çalğı
alətlərinə malik olmasına dəlalət
edir.
Aşağıda
təqdim olunan qədim alətlərin
öyrənilməsi və bərpasında
istifadə edilmiş mənbələrin
xülasəsi informasiya axtarışlarının
istiqaməti və ümumi həcmi barədə
müəyyən təsəvvür yaradır.
Məhz onların sayəsində hazırda
mövcud olmayan alətlərin bərpası
mümkün olmuşdur. Azərbaycan musiqi
mədəniyyətinin daha dərin qatları
maddi mədəniyyət abidələrində,
o cümlədən arxeoloji tədqiqat
materiallarında öz əksini tapmışdır.
Belə ki, Azərbaycanda aparılan arxeoloji
qazıntılar nəticəsində tapılmış
əşyalar arasında sadə musiqi alətlərinə
rast gəlinir. 30-cu illərdə Mingəçevir
Su Hövzəsi tikildiyi zaman aparılmış
qazıntılar gildən və heyvan sümüyündən
hazırlanmış nəfəs alətləri
(tütək, zurna, ney) aşkar etmişdir.
Bundan əlavə, klassik poeziyada və
şifahi xalq ədəbiyyatında milli
musiqi alətlərinin öyrənilməsinə
dair zəngin məlumatlar vardır. Bir
çox məşhur söz ustadları
yaradıcılıqlarında öz dövrlərinin
musiqi alətlərinə kifayət qədər
geniş yer vermişlər. Nizami və
Füzuli poeziyası isə bu baxımdan
tükənməz xəzinədir. Bu dahi
şairlərin əsərlərindən
alətlərin xarici görkəmi, tembri,
onların hazırlanma prosesi haqqında
məlumatlar əldə etmək olar.
Qədim alətşünaslıq mədəniyyəti
haqqında çox vacib məlumatı musiqi
elmi verir. Orta əsr musiqi nəzəriyyəçilərinin
əsərlərində bu və ya digər
musiqi alətlərinin quruluşu, səs
düzümü, simlərinin sayı,
diapazonu və sair xüsusiyyətləri
haqqında ümumi təsəvvür yaradan
məlumatlar toplanmışdır. Bu cəhətdən
alətşünaslıq üçün
ən qiymətli və geniş məlumatı
Orta əsr musiqi elminin inkişafında
əsas yer tutan Səfiəddin Urməvi
(XIII əsr) və Əbdülqadir Marağainin(XIV-XV
əsrlər) risalələri verir.
Qədim
alətlər haqqında birbaşa əyani
təsəvvür yaradan dekorativ və
tətbiqi sənət nümunələri,
qədim əşyalar, memarlıq abidələri
və islamaqədərki dövrün monumental
rəsm əsərlərində tapdığımız
musiqi alətlərinin təsvirləri
onların bərpası üçün
əhəmiyyət kəsb edir. Üzərində
musiqi alətlərinin təsviri olan çoxsaylı
miniatür sənət əsərləri,
nəticə etibarilə, ən səmərəli
əyani informasiya mənbələridir.
XVII, XVIII, XIX əsrlərdə Azərbaycanda
mövcud olmuş musiqi alətləri barədə
məlumatı Adam Olearinin, Engelbert Kempferin,
Aleksandr Dümanın, Övliyə Çələbinin
və başqalarının yol qeydləri
və xatirələrindən əldə
etmək olar.
XIX əsrdə Azərbaycanda olarkən
Şirvan musiqi məclislərini təsvir
etmiş tanınmış rus rəssamı
Q.Qaqarinin əsərləri bu sahədə
parlaq təsəvvür yaradır.
Bakı Musiqi Akademiyasının nəzdində
yaradılmış "Qədim musiqi alətlərinin
bərpası və təkmilləşdirilməsi"
elmi-tədqiqat laboratoriyası 1991-ci ildən
fəaliyyət göstərir. Burada qədim
musiqi alətlərinin tarixi tədqiq olunur,
öyrənilir, alətlərin ölçüləri,
materialın növü, hazırlanma və
quraşdırılma texnologiyası araşdırılır.
Toplanmış materiallar əsasında
musiqi alətləri yenidən bərpa
edilərək səsləndirilir.
Qədim
alətlərin bərpasında muzey eksponatlarının
üzərində aparılan araşdırmaların
nəticələri də əhəmiyyətli
olmuşdur. Bu mənada laboratoriyanın
elmi əməkdaşlarının xidmətlərini
xüsusi qeyd etmək lazımdır. Aparılan
tədqiqatlar nəticəsində Orta əsrlərdə
istifadə edilmiş, sonralar tədricən
unudularaq dövrümüzə gəlib
çatmamış çəng, bərbət,
çəqanə, çoğur, səntur,
tənbur, rübab, rud, qopuz, ney musiqi alətləri
elmi şəkildə araşdırılmış,
laboratoriya şəraitində yenidən
quraşdırılaraq tam bərpa edilmişdir.
Bərpa olunmuş musiqi alətləri
üzərində təkmilləşdirmə
işləri də aparılmışdır.
Belə ki, səs tembrinin gücləndirilməsi
və səs diapazonunun genişləndirilməsi
məqsədi ilə alətlərin quruluşunda
və simlərin növlərində bəzi
dəyişikliklər edilmişdir. Məsələn,
simlərin hazırlanmasında istifadə
edilən ipək və bağırsaq sonradan
metal və kapronla əvəz edilmişdir
ki, bu da səsin daha güclü olmasını
təmin edir.
Unudulmuş qədim musiqi alətlərinin
çox az bir hissəsi bərpa edilmişdir.
Bu zəngin irs gələcəkdə də
öz tədqiqatçılarını
gözləyir.
Qədim musiqi alətləri xalqın tarixi,
mədəniyyət və mənəviyyat
abidəsidir. Ulnudulmuş abidələri
bərpa etmək, onları yenidən həyata
qaytarmaq, tarixin qaranlıq səhifələrini
işıqlandırmaq, mənəviyyatımızı,
mədəniyyətimizi zənginləşdirmək
çox şərəfli və mötəbər
bir işdir.
Azərbaycanda zərb çalğı alətlərinin
kökləri çox-çox qədimlərə,
ibtidai yaşayış dövrlərinə
gedib çıxır. Bu dövrlərdə
insanlar müəyyən vasitələrlə
ritmlər yaratmışlar. Belə vasitələrdən
biri ayaqdöymə zərb üsulu idi
ki, bu zaman qazılmış quyunun üzərinə
quru ağac döşəyər, üstünü
müxtəlif heyvan dəriləri ilə
örtərək onu ayaqla döyəcləməklə
çeşidli ritmlər alarlarmış.
İlk zərb alətləri, çox güman
ki, belə yaranmışdır.
İndi də zorxana oyunlarından birinin
adı "Ayaqdöymə" adlanır. Azərbaycanda
ən qədim insan məskənlərindən
biri olan Qobustanda Cingirdağın ətəklərində
on-on iki min il əvvəllərə aid
edilən qaya rəsmləri ilə yanaşı,
"Qaval daşı" adlanan böyük bir
qaya parçası da vardır. Bu qayanı
əl, ayaq və yaxud hər hansı bir
cisimlə döyəclədikdə, qavalın
tembrinə uyğun səslər alınır.
Belə güman edilir ki, həmin qaya parçası
ulu əcdadlarımız tərəfindən
zərb aləti kimi istifadə olunduğundan
bu günümüzə "Qaval daşı"
adı ilə gəlib çatmışdır.
Qaval daşı bu gün də zərb
alətlərinə xas olan keyfiyyətlərini
saxlamaqdadır. Zərb çalğı
alətlərinin müxtəlif növləri
Azərbaycan ərazisində tarixən
çox geniş yayılmış və
xalqımızın mədəni həyatında
özünəməxsus rol oynamışdır.
Alətşünaslığımızın
səciyyəvi xüsusiyyətlərindən
biri də onun zərb çalğı alətləri
ilə zənginliyidir.
Hazırda musiqi sənətimizin inkişafında
başlıca rol oynayan bir çox zərb
alətlərindən geniş istifadə
edilir. Bu alətlər, əsasən, 3
növə ayrılır:
1. Membranlı. Qrupa təbil, kos, qoşa
nağara, nağara, dümbək və
bu növ digər zərb alətləri
daxildir.
2. İdiofonlu. Buraya kasa və saxsı
qablar, müxtəlif növlü laqqutular,
şaxşaxlar, zınqırovlar, qumrovlar
və s. aid edilə bilər.
3. İdiomembranlı. Bu növ zərb
alətlərinə qaval və dəf aid
edilir.
Membranlı zərb çalğı alətləri
arasında ən geniş yayılmışı
nağaradır. Xalqımızın adət
və ənənələrinin, toy-bayram
şənliklərinin aparıcı çalğı
alətlərindən sayılan nağaranın
bir sıra növləri mövcuddur. Ölçüləri
ilə fərqləndirilən bu növlər
böyük nağara, cürə nağara,
çiling nağara, qoltuq nağara, əl
nağara adlandırılır. Bu alət,
əsasən, iki quruluşda mövcuddur:
birüzlü və ikiüzlü. Birüzlülərə
qoşa nağara, nağarazən, təbil,
dəf, qaval, ikiüzlülərə böyük
nağara (kos nağara), cürə nağara
və qoltuq nağara aid edilir. Nağaralar
arasında ən çox yayılanı
qoltuq nağara və qoşa nağara hesab
edilir.
Zəngin və müxtəlif növlü
zərb çalğı alətlərindən
bir çoxu: təbil bas, dənbal, məzhər,
təbil, qumrov, zil, dühul, zəng, zınqırov,
kaman, sinc, davul, naqus, xalxal və başqaları
musiqi mədəniyyətimizin inkişafı
tarixində müstəsna rol oynamış,
lakin bu günümüzə gəlib çatmamışdır.
|