The etchnic culture of Azerbaijan
Ethnic culture of AzerbaijanMail usMain page
 
 

 


ZƏRB ALƏTLƏRİ


Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərinə gedib çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Belə vasitələrdən biri ayaqdöymə zərb üsulu idi ki, bu zaman qazılmış quyunun üzərinə quru ağac döşəyər, üstünü müxtəlif heyvan dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətləri, çox güman ki, belə yaranmışdır.

İndi də zorxana oyunlarından birinin adı "Ayaqdöymə" adlanır. Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya parçası da vardır. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır. Zərb çalğı alətlərinin müxtəlif növləri Azərbaycan ərazisində tarixən çox geniş yayılmış və xalqımızın mədəni həyatında özünəməxsus rol oynamışdır. Alətşünaslığımızın səciyyəvi xüsusiyyətlərindən biri də onun zərb çalğı alətləri ilə zənginliyidir.

Hazırda musiqi sənətimizin inkişafında başlıca rol oynayan bir çox zərb alətlərindən geniş istifadə edilir. Bu alətlər, əsasən, 3 növə ayrılır:

1. Membranlı. Qrupa təbil, kos, qoşa nağara, nağara, dümbək və bu növ digər zərb alətləri daxildir.
2. İdiofonlu. Buraya kasa və saxsı qablar, müxtəlif növlü laqqutular, şaxşaxlar, zınqırovlar, qumrovlar və s. aid edilə bilər.
3. İdiomembranlı. Bu növ zərb alətlərinə qaval və dəf aid edilir.

Membranlı zərb çalğı alətləri arasında ən geniş yayılmışı nağaradır. Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın bir sıra növləri mövcuddur. Ölçüləri ilə fərqləndirilən bu növlər böyük nağara, cürə nağara, çiling nağara, qoltuq nağara, əl nağara adlandırılır. Bu alət, əsasən, iki quruluşda mövcuddur: birüzlü və ikiüzlü. Birüzlülərə qoşa nağara, nağarazən, təbil, dəf, qaval, ikiüzlülərə böyük nağara (kos nağara), cürə nağara və qoltuq nağara aid edilir. Nağaralar arasında ən çox yayılanı qoltuq nağara və qoşa nağara hesab edilir.

Zəngin və müxtəlif növlü zərb çalğı alətlərindən bir çoxu: təbil bas, dənbal, məzhər, təbil, qumrov, zil, dühul, zəng, zınqırov, kaman, sinc, davul, naqus, xalxal və başqaları musiqi mədəniyyətimizin inkişafı tarixində müstəsna rol oynamış, lakin bu günümüzə gəlib çatmamışdır.


 

 
           
   
© Musigi Dunyasi