|
Qolça
qopuz
M.
Kərimovun işi. Bakı. 1999.
|
Ən qədim
simli çalğı alətlərindən
biridir. Onun yaranma tarixi eramızdan çox-çox
əvvəllərə aid edilir.
ABŞ arxeoloqlarının
1960-cı ildə Cənubi Azərbaycanın
Şuşdağı ətəyində
yerləşən Cığamış
qədim insan məskənində apardıqları
qazıntılar zamanı e. ə. VI minilliyə
aid edilən nadir mədəniyyət nümunələri
aşkar edilmişdir. Bu tapıntılardan
ən maraqlısı sinəsində qopuz
tutmuş ozan və bir neçə başqa
musiqiçidən ibarət musiqi məclisinin
təsvir edildiyi saxsı qabdır.
Qopuz türk
xalqlarının yaşadıqları geniş
coğrafi ərazilərdə məlum
olmuşdur. Onun müxtəlif növləri,
hətta bəzi Avropa ölkələrində
də (Ukrayna, Polşa, Macarıstan, Moldova)
"kobuz", "kobza", "komuz", "komız" və başqa
adlarla geniş yayılmışdır.
Çox güman ki, bu, eramızın IV-V
əsrlərində türk tayfaları
olan hunların Avropaya yürüşü
(Xalqların Böyük Köçü)
zamanı baş vermişdir. Qopuzun iki növü
daha geniş istifadə olunmuşdur.
1) "Qıl
qopuz" və ya "ikilıq" kimi tanınan
və kamanla ifa edilən ikisimli qopuz növü
Orta Asiya xalqları arasında, xüsusilə
Qazaxıstanda geniş yayılmış
və hazırda istifadə edilməkdədir.
2) Müasir
aşıq sazının sələfi
sayılan üçsimli "qolça qopuz"
Azərbaycan türklərinin istifadə
etdikləri ən qədim simli musiqi alətidir.
"Kitabi Dədə
Qorqud" dastanlarında xatırlanan qolça
qopuz bir neçə adda təqdim olunur.
Kitabda adları çəkilən "quruluca
qopuz", "alça qopuz" ayrı-ayrı alətlərin
deyil, eyni bir alətin müxtəlif cəhətlərini
açıqlayır.
Əbdülqadir
Marağai "Məqasid əl-əlhan" əsərində
qopuzun iki növünün "rumlular qopuzu"
və "ozan qopuzu"nun quruluşu barədə
məlumat vermişdir. Güman ki, "qopuz"
sözünün etimologiyası qop qədim
türkcədə "ucalıq", "yüksəklik",
uz isə "avaz", "sehrli musiqi ahəngi" anlamını
verir. Qədim türk qopuzları, əsasən,
ikisimli və üçsimli olmuşdur.
Altay, Sibir,
Çin, uyğur və Türkmənistan
ərazilərində məskunlaşan
türk tayfaları ikisimli, Anadolu və
Azərbaycan türkləri isə üçsimli
qopuzdan istifadə etmişlər. Qolça
qopuzun çanağı udabənzər
olub, ondan xeyli kiçikdir. Çanaq hissəsi
bütövyonma üsulu ilə hazırlanır.
Onun üzünün
2/3 hissəsi dəri, qalan hissəsi isə
nazik taxta üzlüklə örtülür.
Qopuzun qısa qoluna pərdələr bağlanılmır.
Ümumi uzunluğu 810 mm, çanağının
uzunluğu 410 mm, eni 240 mm, hündürlüyü
120 mm dir.
Diapazonu böyük
oktavanın "si" səsindən birinci oktavanın
"lya" səsinə kimidir.
|