|
Sənturlar
M.
Kərimovun işi. 1978, 1979. Bakı.
|
Yatıq
sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə
və bu növ alətlərdən hesab
edilir. Sənturun bu alətlərdən
başlıca fərqi onun iki yüngül
ağac toxmaqla (mizrabla) çalınmasıdır.
Ona görə də səntur həm də
zərb musiqi aləti sayılır.
Əfsanəyə
görə, Davud peyğəmbər bir
sıra musiqi alətlərinin, o cümlədən
sənturun yaradıcısı olmuşdur.
Səntur haqqında R.Yektabəy yazır:
"Bu çalğı aləti çox qədim
olub, "Tövrat"da "psanterin" adlandırılır.
Səntur kəlməsi bunun başqa bir
şəklidir".
Yatıq
sazların müxtəlif növləri,
əsasən, Şərq və Qərb
ölkələrində geniş yayılmışdır.
Ən qədim və sadə nümunələrinə
Tuva və Xakas xalqları arasında rast
gəlmək olar. Bu növ alətlər
ruslarda "qusli", belarus və moldovalılarda
"simbal", çuvaşlarda "kyesli", tatarlarda
"quslya", estonlarda "kannel", gürcülərdə
"santuri", özbəklərdə "çəng"
və s. adlar daşıyır. Osmanlı
türklərində 2 növ səntur
mövcuddur: alafranqa və türk sənturları.
Quruluşuna, çalğı tərzinə,
səs düzümünə və başqa
cəhətlərinə görə sənturun
bu növləri bir-birinə çox yaxındır.
9
xərəkli diatonik səntur hazırda
İranda, Cənubi Azərbaycan ərazisində
geniş yayılmışdır. 9 xərəkli
dedikdə, alətin bir tərəfinin
xərəkləri nəzərdə tutulur.
Əslində, alətin 18 xərəyi
(9-9) vardır. Digər növü 24 xərəkli
sənturdur (12-12). Bu səntur isə şərti
olaraq xromatik alət növünə aid
edilir. İranda bu alətin irihəcmli
həmnövlərinə bəm sənturlarına
rast gəlinir. Səntur xarici görünüşünə
görə trapesiyaşəkilli taxta qutuya
oxşayır. Alət çərçivədən,
üst və alt taxta qapaqlardan ibarətdir.
Bütün hissələri seçmə
növ qoz ağacından hazırlanır.
Aşıq və simgirlər metaldan olur.
Alt taxtası 7 mm, üst hissəsi isə
5 mm qalınlığında bütöv
bir lövhədən ibarətdir. 12 xərəkli
sənturun ümumi uzunluğu 892 mm, eni
315 mm, hündürlüyü 69 mm-dir.
Simlər metaldan olur. Hər bir xərəkdən
4 eyni kökdə sim keçir. Simlərin
ümumi sayı 96-dır. Səntur transpozisiya
olunmayan alət sayılır. İfaçılar
arasında, əsasən, üç adda
alət işlədilir: sol, lya və si
köklü sənturlar.
12
xərəkli sənturun diapazonu böyük
oktavanın "mi" səsindən ikinci oktavanın
"lya #" səsinə kimidir. 9 xərəkli
sənturun diapazonu kiçik oktavanın
"rpi" səsindən birinci oktavanın "re"
səsinə kimidir.
|