|
Ana
saz
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi.
|
Saz
təzənə (mizrab) ilə çalınan
simli çalğı alətidir. O, ulu ozan
sənətinin davamçısı olan
aşıq və saz-söz sənətinin
ayrılmaz tərkib hissəsidir.
Saz
eyni zamanda türk dünyasının,
türk mənəviyyatının rəmzlərindən
biridir. Sinkretik, yəni özündə
çalğı, oxuma, şer demə, söz
və dastan ifaçılığı,
aktyorluq və rəqs (plastika) sənətlərini
birləşdirən saz-söz sənəti,
muğam sənəti ilə yanaşı,
Azərbaycan milli mədəniyyətinin
ən əski qatları ilə bağlıdır.
Qədim türkdilli xalqlarda şaman, qam,
oyun, baxşı, yanşaq, varsaq və
nəhayət, ozan kimi tanınan sənətkarlar
bugünkü aşığın əcdadları
sayılırlar. Ozan sənəti yüzilliklər
və minilliklər boyu böyük təkamül
yolu keçərək aşıq sənətinə
çevrildiyi kimi, qopuz da ona oxşar təkamül
yolu keçərək saz aləti şəklini
almışdır.
Saz
artıq Şah İsmayıl Xətainin
dövründə (XVI əsr) indiki şəklini
almışdı. Şah İsmayıl
Xətainin könül oxşayan qoşmalarının
birində saz belə tərənnüm
edilir:
Bu gün ələ almaz oldum mən sazım
Ərşə dirək-dirək çıxar
mənim avazım.
Dörd
iş vardır hər qarındaşa lazım:
Bir
elm, bir kəlam, bir nəfəs, bir saz.
|
Sədəflə
işlənmiş saz B.
Balabəyovun işi. Bakı. 1999.
|
Azərbaycan
sazı türkdilli xalqlar arasında yayılmış
saz və ona oxşar alətlərdən
çalğı texnikası, səsyayımı
(akustikası) baxımından danılmaz
üstünlükləri ilə seçilir.
Sazın çanağı tut ağacının
seçmə növlərindən, qolu isə
qoz ağacından hazırlanır. Çanağın
gövdəsi bir-birinə bərkidilmiş
tək sayda (adətən 9) taxta "qabırğa"lardan
yığılır. Bu "qabırğa"lar
qol ilə çanağı birləşdirən
"küp" adlı kiçik hissənin üzərində
yığılır və sonra qol əlavə
edilir. Çanağın üstü nazik
taxta üzlüklə örtülür
və qoluna 16-17 pərdə bağlanılır.
Azərbaycanda ölçüləri ilə
fərqlənən tavar sazın, yaxud ana
sazın 9, bəzən 8 simi, ondan bir qədər
yığcam orta, yaxud qoltuq sazın 6,
bəzən 7 simi, kiçik cürə
sazın isə 4-6 simi vardır. Bir vaxtlar
simlər yüksək keyfiyyətli poladdan
hazırlanıb, gümüş suyuna
salınarmış. Onlar heç zaman paslanmaz
və çox az halda qırılarmış.
Xalq çalğı alətləri orkestrində
sazdan, adətən, qoltuq və ya cürə
sazdan solo alət kimi istifadə olunur.
Saz,
əsasən, gilas ağacının qabığından
hazırlanmış təzanə ilə
səsləndirilir. Çox hallarda alətin
qolu və çanağın yan tərəfləri
təbii sədəflə bəzədilir.
Əsas saz hesab edilən tavar sazın ümumi
uzunluğu 1,200 mm, çanağının
dərinliyi 200 mm olur.
Onun
diapazonu birinci oktavanın "do" səsindən
ikinci oktavanın "sol" səsinə qədərdir.
|