|
Zurna
N.Rəhmanov. Dəvəçi, 2000.
|
Güclü
və zil səsə malik zurna musiqi aləti
Azərbaycan ərazisində geniş yayılmış
və mədəni həyatımızda
özünə məxsus yer tutmuşdur.
Zurnanın
"surnay" sözündən olub, sur "böyük
ziyafət", nay "qarğı", "qamış"
mənasını verdiyi güman edilir.
Ayrı-ayrı növləri Orta Şərq
və Qafqaz xalqları arasında çox
geniş yayılmışdır. Qədim
insan məskənlərindən biri olan
Mingəçevir ərazisində aparılan
arxeoloji qazıntılar zamanı maral buynuzundan
hazırlanmış dörd ədəd
zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına
görə, yüksək zövqlə
hazırlanmış bu alətlərin
üç min il yaşı vardır. Əsasən,
ərik (qaysı), qoz və tut ağaclarından
yonularaq hazırlanır.
Ümumi
uzunluğu 302-317 mm-dir. Gövdəsinin
baş hissəsi 20 mm olub, aşağıya
doğru genişlənərək 60-65
mm-ə çatır. Üst hissəsində
yeddi, alt hissəsində isə bir oyuq
açılır. Gövdənin baş
tərəfinə maşa (beçə)
taxılır. Onun uzunluğu 120 mm-dir və
o, cır söyüd, qoz və ərik
ağacından hazırlanır. Maşanın
vəzifəsi alətin kök qaydasını
nizama salmaqdır. Bürünc, mis, yaxud
gümüş lövhədən hazırlanmış
"mil" maşaya taxılır. Əsasən,
quru yerdə bitmiş qamışdan xüsusi
üsulla hazırlanmış müştük
710 mm uzunluğunda olur.
İfaçı
aləti səsləndirmək üçün
ağız boşluğuna yığdığı
havanı müştükdən nizamla
üfləyir. Sədəf, sümük
və bürüncdən hazırlanan dəyirmi
tağalaq (dayaq) milin, təxminən, orta
hissəsinə, girdə lövhəyə
bərkidilir. Tağalaq, bir növ, dodaq
üçün dayaq rolunu oynayır. Üfürülən
hava müştük, mil və maşadan
keçərək gövdəyə daxil
olur və alət barmaqların köməyi
ilə gövdədəki oyuqları açıb-bağlamaqla
səsləndirilir.
|
|
Zurnalar
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. Bakı
|
Zurnanın
diapazonu kiçik oktavanın "si bemol" səsindən
üçüncü oktavanın "do" səsinə
qədərdir. İfaçının məharətindən
asılı olaraq, bir neçə səs
də artırmaq mümkündür. Bu
səsləri ifaçılar "səfir səslər"
adlandırırlar. Zurna, əsasən,
açıq havada keçirilən el şənliklərində
geniş istifadə edilir.
Bu
alətin "qara zurna", "ərəbi zurna",
"cürə zurna", "əcəmi zurna", "qaba
zurna", "şəhabi zurna" kimi növləri
tarixən mövcud olmuşdur. Əsasən,
nəfəs alətləri ansamblında
ifa olunur. Xalq çalğı alətləri
ansamblı və orkestrlərinin tərkibində
də solo aləti kimi bəzi rəqslər,
cəngilər və digər musiqi nümunələrinin
ifasında istifadə edilir. Ü.Hacıbəyov
"Koroğlu" operasında zurnanı orkestrin
tərkibinə əlavə etmişdir.
|