The etchnic culture of Azerbaijan
Ethnic culture of AzerbaijanMail usMain page
 


 

Nic kəndi
(Qəbələ rayonu)

 

NƏ GÖRMƏK OLAR

Nic kəndinin ərazisi 100 kv/km təşkil edir. Kənd ərazisi becərilmiş torpaq sahələrindən, geniş bağ – bağçalı, yaraşıqlı evlərdən, şəxsi həyətlərdən ibarətdir. Kənd fındıq ağacları ilə zəngindir.

Nic kəndi “Cotaari”, “Ağ dəlləkli”, “Qoca bəyim” və s. məhəllələrdən ibarətdir. Hər məhəllənin öz kilsəsi var idi. Hal – hazırda Cotaari məhəlləsində XVll əsrə aid kilsə qorunub saxlanılmışdır. İndi kilsə Norveç səfirliyinin maddi yardımı ilə bərpa olunur. Nic kəndində Udi Xalq Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz udilərin qədim adət-ənənələrinin inkişafı və muhafizəsi ilə məşğuldur. Mərkəzin rəhbəri udi məktəbinin müəllimi, tarixçi Qeorgi Keçaaridir. O, udi dilinə aid dərs vəsaitləri, Azərbaycan və dünya klassiklərinin əsərlərinin udi dilinə tərcüməsi ilə məşğuldur. Onun əsas fəaliyyəti qədim udi mədəniyyətini təbliğ etməkdir. Hətta, alban tayfalarından olan etnoslarla maraqlanan məşhur norveç alimi Tur Heyerdal Nic kəndində olmuş, Udi Xalq Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur. Norveç hökumətinin dəstəyi ilə Qeorgi Keçaari günümüzə qədər qorunub saxlanılmış udi adət - ənənələrinə həsr olunmuş kitablar yazmışdır. Udilərin qeyd etdiyi əsas bayramlarından biri də “Mayovka” adlanır. Bu bayram may ayının 1-dən başlanır və 2 mayda qeyd olunur. Hər bazar günləri yerli bazarda xalq sənəti nümunələrindən ibarət yarmarka keçirilir. Yarmarkada udi sənətkarlarının hazırladığı suvenirlər, metaldan, göndən, yundan, ağacdan hazırlanmış əşyalar və s. satılır. Nic kəndində qədim udi milli mətbəxindən ibarət kafe fəaliyyət göstərir.

Udi kulinariyasından – “ət sıyığı” (düyü sıyığı və ət), “fırrama” (təndirdə qızardılmış hinduşka), “şıftılıq” (şabalıd və qozdan hazırlanmış souz), “çilov” (paxla aşı), “döşəməli aş” (cücəli plov) və s. göstərmək olar. Udi mətbəxinə əsasən un, süd, ət və bitki növlərindən istifadə olunur. “Xərisə” yeməyini xüsusi qeyd etmək lazımdır. Buğda həll olunana qədər bişirilir, sonra kərə yağı ilə yağlanır və ətlə qarışdırılır. Xərisə əkinçilərin ənənəvi xörəkləri sayılır. Yaxın Şərqdə və Suriyada da eyni adlı xörəkdən geniş istifadə olunur. Bayram və yas mərasimlərində süfrəyə özlərinin hazırladığı alça arağı və üzüm çaxırı qoyulur. Kənddə etnoqrafik muzey üçün bina inşa olunur. Kənddə 5 orta məktəb var. Bunlardan 3-ü udi dili və rus məktəbi, 2-si azərbaycan dili məktəbidir. Rus məktəblərindən fərqli olaraq azərbaycan məktəblərində udi dilinin öyrənilməsi könüllüdür. Məktəblərdə həmçinin ingilis dili də tədris olunur.

Nic kəndinin yaxınlığında Çuxur-Qəbələ adlanan yerdə Qafqaz Albanıyasının paytaxtı olmuş “Kabala” (Kabalaka) şəhərinin qalıqlarını görmək olar. Çuxur – Qəbələ kəndi Nicdən 15km aralıda, Qaraçay və Coruluçayın ortasında yerləşir. Ora gedən yol boyu saxsı su borularının qalıqlarını görmək olar. Qəbələ antik dövr müəlliflərinin əsərlərində qeyd olunur. Şəhər şimaldan düşmən üçün maneə olan kəskin yarğanlardan ibarətdir. Süni xəndək qədim şəhəri iki hissəyə - “Səlbir” və “Govurqala” ya bölür. Qəbələdən qərbdə lap yüksəklikdə V əsr məbədi “Komrat” abidəsi yerləşir. Bu məbəd hal-hazırda həm xristianların, həm də müsəlmanların inanc yerləridir. Qədim Qəbələ şəhərinin yaşı 1800 ildən artıqdır. Şəhər 600 il Qafqaz Albanıyasının paytaxtı olub. Şəhər daima düşmənə sinə gəlib. İndiki şəhər qalıqları, qədim şəhərin yüksək sivilizasiyasından xəbər verir. Udilər oturaq həyat tərzi keçirərək, əkinçilik, sənətkarlıq, heyvandarlıqla məşğul olmuşlar. Hələ XlX əsrdə əkinçilik, ipəkçilik, bağçılıq və bostançılıq udilərdə geniş yayılmışdır. Buğda, arpa, darı səpini ilə də məşğul olmuşlar.

Udilərin milli geyimləri ümumi qafqaz geyim növü kimi idi. Kişi geyim növü – köynək, uzun şalvar, arxalıq, çarıx, papaq sayılır. Qadın geyim növünə - əlvan köynək, uzun tuman, arxalıq, çarıq və ya başmaq və bel kəməri. Qadın baş geyimi daqta adlanır.

Udilərin sifət quruluşu dairəvi, saçlarının rəngi açıq və ya şabalıdı olur. Uzunömürlü olurlar. Udilər qonaqpərvər və böyüyə hörmətcildirlər.

Keçmişdə udilərə ailələrin böyük olması xarakterik idi. Əsasən yaxın qohumları ilə nigaha girirdilər. Lakin XlX əsrdən etibarən ailələr kiçilməyə başlayır.

Udi qadınları keçmişdə üzləri bağlı gəzər, kişilərlə birgə süfrə arxasında oturmaz, söhbətə qarışmaz, icazəsiz evdən bayıra çıxmazdılar. Uşaqlar günün çox hissəsini həyətdə müxtəlif oyunlarla, böyüklər isə əmək fəaliyyəti ilə məşğul olardı. Uşaqların tərbiyəsi ilə 14-15 yaşa qədər məşğul olunur, sonra onlar sərbəst sayılırlar. Erkən yaşlarında, oğlanlar 16, qızlar isə 13 yaşında evlənirdilər.

Udilərin toy mərasimlərində milli rəqsləri,həmçinin "yallı", "uzundərə" kimi Azərbaycan xalq rəqsləri oynanılır. Cümə günü şad gün sayılırdı. Adətə görə həmin gün başlanılan iş xeyirlə davam edərdi.

Udi folkloru çox rəngarəngdir. Müxtəlif oyunlar, əyləncələr, lirik və qəhrəmanlıq nəğmələri, rəqslər, əfsanə və rəvayətlər sıf məişət həyatı ilə bağlı olub. Bir çoxları bu günümüzə qədər qorunub saxlanılır. Hətta xristian dinini qəbul etdikdən sonra, digər alban tayfaları kimi udilər də keçmiş məişət həyatlarını və adət-ənənələrini unutmamışlar. Keçmiş inanclarından, aya inam hələ də qalmaqdadır.



 

 
           
   
© Musigi Dunyasi